Fəxri adların verilməsində narazılıq həmişə olacaq - Fazil Mustafa  

17:12 16.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dünyanı idarə etmək istəyən güclər hər hansı bir dövləti, xalqı öz təsiri altına salmaq üçün birinci növbədə onun sahib olduğu milli-mənəvi dəyərləri zədələmək, zəiflətmək, onu öz kökündən qoparmaq xəttini tutur. Bu mənada Avropa və Qərbin bir çox təsisatları özlərini ayrı-ayrı xalqların “haqq-hüquq, mədəni qoruyucuları” kimi təqdim edərək həmin coğrafiyaların zəif bəndlərindən öz mənafeləri üçün istifadə edirlər. Müsahibimiz Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafadır.

-Azərbaycan mədəniyyətinin movcud durumu nədir?

-Azərbaycan mədəniyyətinin mövcud durumu bütövlükdə dövlət siyasəti istiqamətində aparılan çalışmalarla ortaya çıxır. Mədəniyyət həm mənəvi mirasla, həm də maddi-mədəni irslə müəyyən olunur. Bu da ayrı-ayrı tarixi abidələrdən tutmuş, sənət əsərlərinin hamısında ehtiva olunur. İndi bu sahədə qanunvericilik fəaliyyəti və orada təsbit olunan istiqamətlər var, bu da kifayət qədər genişdir. Bu sahədə mədəni irsin qorunması istiqamətində kifayət qədər ciddi addımlar atılır. YUNESKO, İSESKO-da qeydiyyatda olan tarixi mədəni abidələr  mövcudluğunu saxlayır. Onların bərpa olunması istiqamətində dövlət vəsait ayırır. Digər tərəfdən, əsərlərin qorunması istiqamətində, intellektual mədəni irsin qorunması baxımından xeyli işlər görülür. Yəni mədəniyyətimizin vəziyyəti, həm də bir sıra komponentlərlə bağlıdır ki, bu, beynəlxalq səviyyədə dəyərlərimizi tanıtma işlərini görə bilir. Mədəniyyətin ən böyük amili dil məsələsi ilə bağlıdır. Azərbaycan dili xüsusi qanunla qorunur. Təbii ki, bütün sahələrdə olduğu kimi bu sahədə də boşluqlar, müəyyən çatışmazlıqlar var. Amma bütövlükdə Azərbaycan mədəniyyətinin qorunması dövlətin əsas prioritet xəttindən biridir və bu sahədə də böyük işlər görülməkdədir.

- Qarabağ müharibəsi, Azərbaycan tarixinin son 30 ilini əks etdirən filmlərin çəkilməsi, əsərlərin  yazılması üçün görülən işlər nə dərəcədə qaneedicidir?

- Hesab edirəm ki, Qarabağ müharibəsini, Azərbaycan tarixinin son 30 ilini əks etdirən filmlərin çəkilməsi vacib çağırışlardan biridir. Bu istiqamətdə Qarabağ, Xocalı hadisələrini əks etdirən müxtəlif filmlər çəkilib. Bunların dünyaya tirajlanması, keyfiyyət məsələləri olsa da, burada müəyyən dərəcədə problemin qoyuluşu öz həllini tapıb. Bu daha çox sənət, sənətkarlıq məsələsidir. Amma bu istiqamətdə görüləcək işlər çoxdur. Xüsusilə də son 44 günlük savaşda baş verən hadisələrin ekranlaşdırılması məsələsində müəyyən sıxıntılar var. Hətta, bunun müəyyən rəsmi xronika olaraq ekranlaşdırılmasında da hələ ki, qeyri-natamamlıqlar var. Amma bu, kino sənayemizin ən vacib istiqamətlərindən biridir. Yəqin ki, yaradıcılıq sahəsində buna xüsusi diqqət yetirən yaradıcı quruluşlar məsələnin həllində də nəticələr əldə edəcəklər.

- Kino sənayemizin gələcəyi nədən, kimdən asılıdır? Kino ittifaqlarının birləşməsi bu sahədə hansısa məsələni həll edə bilər?

-Kino İttifaqının birləşməsi kino sənayemizin gələcəyinə ciddi kömək etməyəcək. Çünki bu quruluşların təsir və büdcə imkanları elə də yüksək səviyyədə deyil. Kinomatoqraflar İttifaqı hansısa film çəkmir. Bu filmlərin çəkilişi və başqa məsələlər daha çox inzibati qurumlara - Mədəniyyət Nazirliyinə aid olan məsələdir. Ona görə də bu qurumlar sadəcə kino sahəsinə aid olan insanların birgə iddiası kimi aktiv sənət prosesinə müdaxilə edib, təşəbbüslərlə çıxış edə, müəyyən layihələri gerçəkləşdirə bilər. Əgər bu istiqamətdə işlər görülərsə, onda müsbət irəliləyişdən danışmaq olar.

- Mədəni sərvətlərimizə necə sahib çıxır və onu xaricdə necə təbliğ edirik?

- Mədəni sərvətə sahib çıxmaq, bütövlükdə cəmiyyətin işidir. Əslində dövlət bu istiqamətdə üzərinə düşəni edir. Bu gün işğaldan azad olunmuş Qarabağda məscidlər, hətta kilsələr belə təmir olunur. Mədəni obyektlərin bərpası işləri gedir və onların mühafizəsi üçün də tədbirlər görülür. Bakıda, başqa şəhərlərdə yazıçıların, şairlərin, sənət adamlarının  ev muzeyləri qorunub saxlanır. Amma irsimizin xaricdə təbliğ olunması məsələsi turizm potensialının artırılması ilə bağlıdır. Bu istiqamətdə də işlər görülür. Məsələn, Basqal kimi yaşayış məntəqəsinin, yaxud Balaxanı, Lahıc kimi qəsəbələrin turizm üçün yenidən bərpa olunması prosesi müsbət tendensiyalardan biridir. Bununla yanaşı təbliğat həmişə aparılmalıdır. Bu istiqamətdə nə qədər böyük işlər görülərsə, yalnız fayda verə bilər.

- Fəxri adların verilməsi qaydası narazılıqla müşahidə olunur. Bu prosesin qızıl ortası necə tapılmalıdır?

- Fəxri adların verilməsində narazılıq həmişə olacaq. Çünki bu müqayisə zəminində verilən adlardır. Əslində bu, sovet dövrünün neqativ sayıla biləcək qalıqlarından biridir. Müstəqil dövlətlərdə daha çox sənət nominasiyaları, müsabiqələr önə çıxmalıdır. Təəssüf ki, bu bizdə geniş yayılmadığına görə insanlar bu adlara qarşı həssaslığını daha da artırırlar. Bu baxımdan həmişə belə intriqalar, narazılıqlar davam edəcək. 

-Sizə qarşı sui-qəsd cəhdində iştirak edənlərin məhkəmə prosesini izləyirsizmi və orada verilən ifadələrə münasibtiniz nədir? Bu proses hansı məsələləri açığa çıxarır?

-Məlum məhkəmə prosesi davam edir. Orada verilən ifadələr tamamilə həqiqəti əks etdirmir. Bu bir xarici agentura şəbəkəsinin törətdiyi sui-qəsddir. Sadəcə, həmişə olduğu kimi Azərbaycanda öz casusluq fəaliyyətini qonşu ölkənin maraqlarına xidmət etmək, ona nökərçilik etmək fəaliyyətlərini din və məzhəb pərdəsi altında gizlətməyə çalışırlar. Bu gün təkcə o həbs olunanlar deyil, kənarda bu tapşırığı yerinə yetirən, qonşu ölkənin dini liderlərinə tabe olan, mənəvi cəhətdən onun iradəsini ifadə edən və Azərbaycan xalqına, dövlətinə hər zaman xəyanət etməyə çalışan böyük şəbəkə var. Bu həmin şəbəkənin kiçik bir hissəsidir. Ona görə də onların əslində ifşa olunması bütövlükdə cəmiyyətimizin təhlükəsizliyi üçün vacibdir. Onlar mənim şəxsi düşmənlərim deyil. Bunlar tapşırıq icra ediblər və buna görə də İran dövlətinin Sepah adlı quruluşundan pul alıblar. Oradan bu işi təşkil edənlərlə birlikdə hərəkət ediblər. Bu da məhkəmədə kifayət qədər aydın şəkildə ortaya çıxıb.

Yəni, bu məhkəmə prosesi təkcə bir şəxsə aid olan proses deyil. Azərbaycan dövlətinə, vətəninə xəyanət etmiş, Azərbaycan dövlətinin strateji xəttlərini başqa ölkəyə, dolayı yolla Ermənistana ötürmüş vətən xainlərinin prosesidir. Məhkəmə istintaqı gələcəkdə çox məsələlərə aydınlıq gətirilməsinə vəsilə olacaq.

- Avropa və Qərbin bir çox təsisatları özlərini ayrı-ayrı xalqların “haqq-hüquq, mədəni qoruyucuları” kimi təqdim edib həmin coğrafiyalara daxil olmaq üçün zəif bəndlər seçir, onlardan öz mənafeləri üçün istifadə edirlər. Bu baş verməsin deyə, mədəniyyət, incəsənət sahəsində hansı sahələrə diqqət yetirilməlidir?

- Avropa və Qərbin bir çox təsisatlarının özlərini ayrı-ayrı xalqların “haqq-hüquq, mədəni qoruyucuları” kimi təqdim etməsi daha çox mədəniyyət sahələrində təsiredici imkanlar əldə etməyə yönəlir. Və onlar bu prosesdə “rəğbət” bəslədiyi ölkələrə siyasi cəhətdən məğlub olduğunu görərək, daha çox mədəniyyət və incəsənət əsərləri üzərindən təxribatla məşğul olurlar. Diqqət edək: bunlar işğal altında qalan ərazilərdə Azərbaycan abidələri dağıdıldığı halda bütün evlər, məktəblər, klublar dağıdılıb məhv edildiyi halda, erməni abidələrinin qorunması ilə bağlı qətnamələrə bəndlər salmaqla məşğuldurlar. Bu da biabırçı tərəfkeşlik xüsusiyyətidir. Biz bunu xalqın, dövlətin iradəsi ilə dayandırdıq. Və bu istiqamətdə addım atan təşkilatlar ifşa olundu. Onlar ermənipərəst mövqelərini ortaya qoydular və bildirdilər ki, onlar üçün hər hansı bir şəkildə obyektib yanaşma, dürüstlük anlayışı uzaqdır.

- Avropa və Qərbin müxtəlif təsisatları üzərindən maliyyələşən, eləcə də ölkə adına xaricdə və daxildə fəaliyyət göstərən bir sıra onlayn internet tv-ləri və saytları, yaxud QHT-lərin guya iqtidarın fəaliyyətini hədəfə alıb, əslində Azərbaycana  qarşı yönələn çıxışlarının ictimai fikrə təsiri nə dərəcədə təhlükə doğurur?

- Avropa və Qərbin müxtəlif təsisatları üzərindən maliyyələşən təsisatlar həmişə var. Bunlar media, internet resurslarından ciddi şəkildə istifadə edirlər. Ölkəmiz içərisində bu resurslardan istifadə edənlər elə də çox deyil. Çünki bunların böyük əksəriyyəti Qarabağ savaşından sonra artıq fəaliyyətinin mənasız olduğunu gördülər. Amma digərləri inadla sanki bu savaşın epizod-epizod əhəmiyyətsizləşməsinə çalışdılar. Birisi Şuşa alınanda, “Xankəndi niyə alınmadı”, Xankəndi alınanda “Laçın koridoru niyə bağlanmadı”, həmin yoldandan ermənilər keçib gedəndən sonra “niyə erməniləri buraxdınız” - deyə belə mənasız çağırışlarla prosesə təsir göstərməyə çalışdılar. Amma bunun əhəmiyyəti olmadı. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə həm də bu ünsürlərin Azərbaycana qarşı mənfi münasibətlərini də ortadan qaldırmış oldu. Artıq onlar təbliğat vasitəsi kimi bir bəhanə tapa bilmədilər.

Amma xaricdən bu istiqamətdə fəaliyyət  göstərən internet tv-lər, ayrı-ayrı blogerlər və şəxslər var. Bunlar xarici xüsusi xidmət orqanlarının tam nəzarəti altındadırlar. Və onların təminatı altında birbaşa Azərbaycana dövlətinə qarşı, ən böyük tərbiyəsizlik formalarından istifadə edərək mübarizə aparırlar. Amma onların da “bir günü” gələcək. Hesab edirəm ki, hər hansı bir şəkildə Azərbaycan qanunlarının tələblərindən uzaq durmaları mümkün olmayacaq.  Çünki bu cür fəaliyyət göstərənlərin böyük əksəriyyəti layiqli cəzalarını aldılar. Onların əslində düşüncəsi Azərbaycanda ayrı-ayrı nüfuzlu şəxslərin, siyasi xadimlərin, ölkə rəhbərinin gözdən salınması deyil, bütövlükdə Azərbaycanın hədəfə alınmasıdır. Bu şəbəkənin arxasında Ermənistanın, İranın maliyyə vəsaitləri, həm də Almaniya, Fransa kimi ölkələrin xüsusi xidmət orqanlarının dəstəyi durur. Ona görə də buna qarşı Azərbaycan cəmiyyəti öz iradəsini ortaya qoyur və buna qarşı durmaları çətin olacaq. Əvvəl-axır bu qüvvələri öz iradəmizə tabe etdirəcəyik.